Parlament "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini qəbul edib.
Oxu.az xəbər verir ki, məsələ parlamentin növbədənkənar plenar sessiyasında müzakirə olunub.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat proqnoza qarşı 39 milyard 184.6 milyon manat icra olunub. Bu, proqnozdan 828.6 milyon manat (2.2%) çoxdur. 2024-cü illə müqayisədə isə 2 milyard 22.8 milyon manat (5.4%) artım qeydə alınıb.
Büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 30.4% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1% çoxdur.
Gəlirlərin tərkibində 16 milyard 355.2 milyon manatı vergi orqanları, 6 milyard 369.9 milyon manatı gömrük orqanları, 14 milyard 481 milyon manatı Neft Fondundan transfert, qalanı digər mənbələr təşkil edib.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.












