Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bu, məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndirilib.
Cari ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır. Yəni riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək. Bu zaman istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O bildirib ki, yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər.
Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər. Qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində gözləmə müddətinin tətbiq edilməsidir. Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaq.
Deputat qeyd edib ki, bu qadağaların tətbiqinə səbəbin məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsi olduğu aydındır. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb.
Bütün bunlar təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Gözləmə müddətinin tətbiqi müsbət hal olsa da, daha məqsədəuyğun olardı ki, məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun.
V.Bayramov sonda vurğulayıb ki, çox vacib məqamlardan biri də maarifləndirmədir. Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar.












