Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF 2026) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr üzrə sığorta xidmətlərindən geniş istifadə olunur. Lakin bu sahə ilə bağlı dəqiq statistik məlumat bazası hələ formalaşdırılmayıb.
A.Yaşar qeyd edib ki, həyata keçirilən layihələrin risk həcmi və tələb olunan sığorta tutumu nə Azərbaycanın, nə də Türkiyənin sığorta bazarlarının imkanları hesabına tam qarşılanmır. Bu səbəbdən beynəlxalq təkrarsığorta bazarlarının imkanlarından da istifadə olunur.
Türkiyə Sığorta Birliyinin sədri əlavə edib ki, Türk Dünyası Sığorta Birliyi çərçivəsində hesabatlılıq sisteminin qurulması və vahid məlumat bazasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır.












