İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın "Uzbekneftegaz" şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə Azərbaycan və Özbəkistan prezidentlərinin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı Bakı Enerji Həftəsinin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Həmçinin cari ilin ötən ayında "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında keçirilən görüşlər və bp şirkətinin "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb.
Layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.












