Toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının əhatə dairəsi genişlənir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, idxalı və ixracı, həmçinin qeydiyyatsız fəaliyyət göstərilməsi, toxum qablarında, etiketlərdə və ya sənədlərdə bitki sortunun adı, mənşəyi və keyfiyyəti barədə yanlış məlumat verilməsi cərimələnəcək.
Fiziki şəxslər 100-150 manat, vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-1500 manat cərimə ediləcək.
Həmçinin, informasiya sisteminə bilə-bilə yanlış məlumat daxil edilməsinə görə də eyni məbləğlərdə cərimə tətbiq olunur.












