Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyalar aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi üçün əsas dövlət dəstəyi mexanizmidir. Yeni subsidiya mexanizmləri regional ixtisaslaşma, innovativ texnologiyalar və resurslardan səmərəli istifadəni təşviq edir.
Bunu Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İsmayıllıda keçirilən regional müşavirədə bildirib. O qeyd edib ki, 2026-2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə yeni mərhələyə keçidi təmin edəcək.
Əhədov vurğulayıb ki, əsas hədəf hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni ekstensiv yanaşmadan intensiv inkişafa keçməkdir. Proqram suvarma sistemlərinin genişləndirilməsi, məhsuldarlığın artırılması, soyuducu anbar və taxıl silolarının inkişafı kimi konkret hədəfləri əhatə edir.












