Politoloq Rəşad Bayramovun sözlərinə görə, ABŞ-İran razılaşması Yaxın Şərq təhlükəsizliyi və qlobal enerji bazarları üçün strateji dönüş nöqtəsidir. O qeyd edir ki, razılaşmanın üç əsas sütunu var: İranın nüvə proqramının məhdudlaşdırılması, Hörmüz boğazında sabitlik və sanksiyaların yumşaldılması.
Bayramov vurğulayır ki, ən vacib məqam razılaşmanın mahiyyətidir. İlkin razılaşmalardan sonra nüvə proqramı ilə bağlı uzunmüddətli danışıqlar nəzərdə tutulur. Əgər danışıqlar nəticəsində İranın dinc nüvə fəaliyyəti ilə razılıq əldə olunarsa, bu, ciddi nəzarəti tələb edəcək. ABŞ üçün əsas məqsəd İranın hərbi nüvə potensialını bloklamaq, İran üçün isə sanksiyaların yumşaldılmasıdır. Bu balans razılaşmanın dayanıqlılığını müəyyən edir.
İkinci mühüm məsələ regional təhlükəsizlikdir. Hörmüz boğazı dünya neft tədarükünün kritik damarıdır. Oradakı gərginlik qlobal bazarlara təsir edir. Razılaşmanın iqtisadi tərəfi ABŞ, İran, Avropa və Asiya üçün strateji əhəmiyyət daşıyır. Bazarların yumşaq reaksiyası optimist gözləntiləri göstərsə də, razılaşmanın davamlılığı sual altındadır.
ABŞ daxilində siyasi dəyişkənlik, İranın daxili strukturu vahid xətt üzrə hərəkət etmir. İsrailin mövqeyi də əlavə təzyiq yaradır. Netanyahu kimi liderlərin tənqidi mövqeyi, İranın regional təsir imkanları və proksi şəbəkələri ilə bağlı davranışı göstərir ki, nüvə məsələsində razılaşma olsa belə, regional rəqabət tam aradan qalxmayacaq.
Mümkün ABŞ-İran razılaşması qlobal gərginliyi azaldan və enerji bazarlarını sabitləşdirən mühüm addımdır, lakin bu, son həll deyil, idarəolunan müvəqqəti balansdır. Davamlılıq tərəflərin siyasi iradəsindən, regional aktorların davranışından və qlobal geosiyasi dinamikadan asılı olacaq.












