Məcburi köçkünlük, zorakılıq və sürətli urbanizasiya insanların həyatına ciddi təsir göstərir.
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, miqrantların və vətəndaşların təhlükəsiz və ləyaqətli şəkildə yaşaması üçün bu məsələlər artıq BMT və beynəlxalq təşkilatların əsas gündəminə çevrilib.
“Məhz buna görə hökumətlərə və icmalara ehtiyac var. Dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və fərdlər birlikdə hərəkət etməlidirlər. Bu gün əsas məsələ budur: insanları necə yaşadaq, onların həyatını necə qoruyaq? Ləyaqət, inklüzivlik, imkanlar və dolanışıq hüququnun yenidən təmin olunması davamlı inkişaf məqsədlərinə nail olmağın ən güclü yollarından biridir.”
Yeni Şəhər Gündəliyinin ildönümünü qeyd etdiyimiz bir vaxtda qarşıdakı onillik həyata keçirmənin sürətləndirilməsi, xidmətlərin genişləndirilməsi və insanların həyatında ölçülə bilən nəticələrin əldə olunması ilə yadda qalmalıdır.
A.Rossbax əlavə edib ki, bu gün dünyada 365 milyondan çox insan böhran və məcburi köçkünlükdən təsirlənir.
“Bizə insan mərkəzli yanaşmaya əsaslanan kollektiv fəaliyyət lazımdır. Birincisi, hesabatlılıq və məsuliyyət təmin edilməlidir. İkincisi, şəhərlər və icmalar bu prosesə cəlb olunmalıdır. Üçüncüsü, ayrı-seçkiliyə son qoyulmalı və qlobal icmalar qorunmalıdır. Dördüncüsü, siyasət və maliyyə mexanizmləri gücləndirilməlidir. Beşincisi, məlumat sistemlərinə investisiya edilməli və məlumatların əlçatanlığı təmin olunmalıdır.
Və nəhayət, təmiz, ölçülə bilən imkanlar yaradan və icmalarla həqiqi əməkdaşlığa əsaslanan innovasiya sistemi qurulmalıdır.”
Onun sözlərinə görə, Bakıdan Nyu-Yorka, yüksək səviyyəli forumlardan BMT Baş Assambleyasına qədər mesajı birdir: yaşayış və şəhərsalma məsələləri davamlı inkişaf məqsədlərinin mərkəzində dayanmalıdır.
“Mənzil siyasəti qlobal iqlim və su gündəliyinə tam inteqrasiya edilməlidir. 90-dan çox ölkədə tərəfdaşlarımızla birlikdə bu, qlobal bir missiyadır. Açıq Ekspert Qrupu, ABŞ Qlobal İqlim Dəyişikliyi Komitəsi və Avropa Parlamenti ilə əməkdaşlıq çərçivəsində milli siyasətlərin əlaqələndirilməsi üçün yeni təlimatlar hazırlanır. Xüsusilə şəhərsalma və memarlıq planlaşdırılması istiqamətində geniş əməkdaşlıq davam etdiriləcək.”












