Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Məryəm Nəvaz Şərif atası Məhəmməd Nəvaz Şərifin və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını Prezidentə çatdırıb. İlham Əliyev təşəkkür edib və salamların geri çatdırılmasını xahiş edib.
Prezident ulu öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini xatırladıb.
Qonaq WUF13-də iştirakından məmnun olduğunu bildirib, tədbirin yüksək təşkilatçılığını və Bakının gözəlliyini vurğulayıb. O, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məzarını ziyarət etdiyini də qeyd edib.
Görüşdə Azərbaycan-Pakistan qardaşlıq münasibətləri, strateji əlaqələr, iqtisadi, diplomatik, müdafiə əməkdaşlığı müzakirə olunub. ASAN xidmət təcrübəsi əsasında Pakistanda mərkəzlərin yaradılacağı bildirilib.












