İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində yeni tikilmiş birinci yaşayış kompleksini ziyarət ediblər.
AZƏRTAC-a istinadən xəbər verilir ki, kompleks barədə məlumatı Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov verib.
Kompleksin təməli 2021-ci ildə qoyulub və ümumi sahəsi 8 hektara yaxındır. Burada 23 bina inşa edilib, 450 mənzil var: 28-i bir, 195-i iki, 190-ı üç, 30-u dörd, 7-si beş otaqlıdır.
Keçmiş məcburi köçkünlər və Şuşada dövlət qurumlarında çalışanlar burada məskunlaşıblar. Geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlər üçün hər cür şərait yaradılıb.












