İyunun 26-da Dənizkənarı Milli Parkda bir sıra layihələrin təqdimat mərasimləri keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva bu tədbirlərdə iştirak ediblər.
"Boulevard Sports Club" idman klubunun açılışı
Ənənəvi tennis kortu kompleksində əsaslı təmir və yenidənqurma işlərindən sonra "Boulevard Sports Club" idman klubunun açılışı olub. Leyla Əliyeva və Arzu Əliyeva klubda yaradılan şəraitlə tanış olublar.
Yeni idman klubu sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması məqsədilə qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.
"WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı
Dənizkənarı Milli Park akvatoriyasının ekoloji vəziyyətinin yaxşılaşdırılması çərçivəsində innovativ "WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib.
Qurğu uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilmişdir. O, su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Layihə Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Elektrik mühərrikli faytonların təqdimatı
Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət imkanı təqdim edən elektrik mühərrikli faytonların təqdimatı olub. Bu tarixi görünüşlü müasir nəqliyyat vasitələri ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları yaradır.
Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdiriblər.












