Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib ki, ölkələr şəhər xidmətləri və sosial proqramlar sahəsində təcrübə mübadiləsi apara bilərlər.
Bu barədə Oxu.Az "Report"a istinadən xəbər verir.
Səfir qeyd edib ki, Meksika nümayəndə heyətinin Bakıda WUF13 çərçivəsində tədbirlərdə iştirakı Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna hazırlıq baxımından əhəmiyyətlidir.
"Azərbaycan həmişə iri tədbirləri əla təşkil edir və WUF13 də istisna deyil. Pavilyonumuzda şəhər proqramlarını və qədim mədəniyyət elementlərini təqdim etməkdən qürur duyuruq", - deyə o əlavə edib.
Kabalyero inklüziv sosial proqramların və mənzil siyasətinin vacibliyini vurğulayıb: "Söhbət inklüziv proqramların bir hissəsi kimi mənzil təminatından gedir. Bu, sosial cəmiyyətə qayğıya, yaşlılara, uşaqlara və qadınlara diqqəti əhatə edir".
Diplomat iki ölkə arasında şəhər xidmətləri sahəsində təcrübə mübadiləsi imkanlarını da qeyd edib: "Mexikoda 'Utopias' mərkəzləri var. Azərbaycanın ASAN və DOST kimi strukturları ilə qarşılıqlı fəaliyyət maraqlı ola bilər".












