Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə ikitərəfli günəş panellərinin tətbiq olunduğunu bildirib.
“Azərbaycanda ilk dəfə ikitərəfli günəş panelləri məhz işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur”, - deyə o vurğulayıb.
E.Hüseynov qeyd edib ki, yaşayış məntəqələrində günəş panellərinin quraşdırılması, alternativ enerji mənbələrinin tətbiqi və “off-grid” küçə işıqlandırma sistemlərindən istifadə genişləndirilir. O həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin böyük hissəsi alternativ enerji mənbələri hesabına təmin edilir.
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə prioritet insanmərkəzli şəhər modelinin yaradılmasıdır. Baş planlar elə hazırlanır ki, əsas sosial obyektlər insanların rahat istifadəsi üçün mərkəzləşdirilmiş formada yerləşdirilsin.











