Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatı, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsi artıq yalnız Daxili İşlər Nazirliyinə (DİN) həvalə edilib.
Oxu.Az-ın məlumatına görə, bu dəyişiklik daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı qərarla rəsmiləşib.
Qərara qədər bu prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi. Bundan sonra hərbi prokurorluğun bu sahədəki səlahiyyətlərinə son qoyulub.
Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib. MN, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub. Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər qurumlara şamil edilirdi.
Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil edilib. Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv olunub.
Bundan əvvəl hərbi qulluqçular tərəfindən və ya hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmiş hərbi xidmət əleyhinə cinayətlər, habelə hərbi hissələrin, müəssisələrin və təşkilatların fəaliyyəti ilə əlaqədar cinayətlər hərbi prokurorluqda qeydiyyata alınırdı. Statistik hesabatlar Hərbi Prokurorluq tərəfindən tərtib edilərək Baş Prokurorluğa göndərilirdi.
Bundan başqa, hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsi barədə norma da ləğv edilib.












