Bakıda işdən çıxarılan sürücü keçmiş iş yerini yandırıb. O, mağazadan pul oğurlayaraq benzinlə yanğın törədib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Sürücü Oruc Vəliyev (şərti ad) üç il işlədiyi mağazada gizli dizel yanacağı satdığı üçün işdən çıxarılıb. Qisas almaq məqsədilə gecə mağazaya girib 520 manat qəpik, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.
Daha sonra mağazadakı benzini sayğacın üzərinə töküb yandırıb. Yanğın nəticəsində mağaza və içindəki mallar tamamilə məhv olub.
Polis araşdırması nəticəsində Oruc Vəliyev saxlanılıb. Məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum edib.












