Ali Məhkəmə ağır nəticəyə səbəb olan avtoqəza işində G.Süleymanlının cəzasını azaldıb.
Hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilib. Ona 5 il 2 ay azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.
Hadisə 2023-cü il sentyabrda Xətai rayonunda baş verib. Sürücü G.Süleymanlı "Toyota Prius" ilə əsas yola çıxarkən qaydaları pozub.
Qarşı istiqamətdə "Opel Astra" idarə edən Ə.Səlimli də sürət həddini aşıb. Toqquşma nəticəsində avtomobillərdən biri hamilə qadın G.Mehdiyevanı vurub.
30-32 həftəlik döl ağır xəsarətlər alaraq ölüb, qadın isə bir neçə gün sonra xəstəxanada vəfat edib.
Birinci instansiya məhkəməsi G.Süleymanlıya 5 il 2 ay, Ə.Səlimliyə 5 il cəza verib. Apellyasiya məhkəməsi cəzaları bərabərləşdirib.
Kassasiya şikayətindən sonra Ali Məhkəmə G.Süleymanlının cəzasını 4 il 6 aya endirib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.












