Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta ilə yoldaşlıq oyununun yüksək tempdə keçdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, o, matçdan sonra mətbuat konfransında çıxış edib.
Mütəxəssis 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komandasının çoxlu qol epizodu yaratdığını vurğulayıb.
“Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır.
Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim. Çünki bu, Millətlər Liqası ərəfəsində son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San-Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik”, – deyə Abbasov qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti yoldaşlıq oyununu iyunun 9-da Macarıstanda San-Marino yığmasına qarşı keçirəcək.












