Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku yekunlaşıb. Azərbaycan millisi yarışın son günündə daha dörd medal əldə edib.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, -90 kq çəki dərəcəsində çıxış edən Süleyman Şükürov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. O, finalda braziliyalı Joao Pedro Kanelyonu yuko ilə üstələyib.
Roman Qarayev (-81 kq), Aslan Kotsoyev (-90 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanıblar. İlk gündə Məhəmməd Musayev (-66 kq) də qızıl medal əldə etmişdi.
Beləliklə, Azərbaycan millisi 2 qızıl və 3 bürünc medalla Avropa Kubokunu başa vurub. Komandamız oğlanların yarışında 34 ölkə arasında 2-ci, ümumi sıralamada isə 3-cü yeri tutub.












