“Bakı-Xankəndi” velosiped yarışına qatılan 24 komandanın hər biri Azərbaycana təkrar gəlmək arzusundadır. Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Turnirin Təşkilat Komitəsinin sədri qeyd edib: “Azərbaycanın hər bölgəsində gözəl mənzərə var. Yarış uğurla keçir, təhlükəsizlik tam təmin olunub. 24 komandanın hər biri gələcəkdə yenidən bura gəlmək istəyəcək. Onlar ölkəmizə heyran qalıblar”.
S.Ələkbərov velosiped idmanının inkişafı üçün görülən işləri də vurğulayıb: “Həvəs olan yerdə işlər irəliləyir. Kəndlərdə maşından çox velosiped istifadə olunur. 7-8 ay ərzində rayonlarda velosiped bölmələri yaratdıq, uşaqları cəlb etdik. Gədəbəy, Qəbələ, Şamaxıda bölmələr fəaliyyət göstərir”.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışı 20 ölkədən 24 komandanı birləşdirir. Mükafat fondu 50 000 avrodan çox olan 5 mərhələli turnir mayın 14-də yekunlaşacaq. Son mərhələ Xankəndidə keçiriləcək.












