FIFA Misir milli komandasından 2026-cı il dünya çempionatı üçün hazırlanan formanın dizaynını dəyişməyi tələb edib.
Jurnalist Mayki Junior "X" sosial şəbəkəsində bildirib ki, səbəb formadakı loqonun üzərində yerləşən yeddi ulduzdur.
Həmin ulduzlar Misirin Afrika Millətlər Kubokundakı yeddi çempionluğunu simvollaşdırır. Lakin FIFA qaydalarına görə, formada yalnız dünya çempionatı titulları göstərilə bilər.
Bundan əlavə, FIFA futbolçuların adları və nömrələri üçün istifadə olunan qızılı rəngin də dəyişdirilməsini tələb edib.
Qeyd edək ki, Misir millisi DÇ-2026-da ilk oyununu iyunun 15-də Belçika yığmasına qarşı keçirəcək. Qrup mərhələsində həmçinin iyunun 22-də Yeni Zelandiya, iyunun 27-də isə İran millisi ilə qarşılaşacaq.












