Beynəlxalq Gimnastika Federasiyası (FIG) mükafatlandırma mərasimlərində idmançıların davranış qaydalarını yeniləyib. Sənədə etika pozuntularına görə məsuliyyəti artıran iki yeni maddə əlavə edilib.
Oxu.Az-ın məlumatına görə, yeni 13-cü maddə fəxri kürsüdə siyasi, dini və ya irqi təbliğatı qadağan edir. Həmçinin, siyasi, dini və ya irqi simvollar, işarələr, bannerlər və jestlər qadağandır. Rəsmi milli bayraqlar istisna olmaqla, digər bayraqların nümayişinə icazə verilmir.
14-cü maddə sanksiyaları müəyyən edir. Qayda pozuntusu diskvalifikasiya, nəticələrin ləğvi, medalların və titulların geri alınması ilə nəticələnə bilər. Milli federasiyalar idmançılarının hərəkətlərinə görə tam məsuliyyət daşıyır və pozuntular intizam və maliyyə sanksiyalarına səbəb ola bilər.












