2026-cı il dünya çempionatında İngiltərə milli komandası soyğunçuluğa məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşrdə qeyd olunur ki, komandanın əsas ulduzlarına məxsus butslar turnirin rəsmi topları və mühüm məşq ləvazimatları ilə birlikdə oğurlanıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları oğurluqda idman geyimlərini daşıyan sürücülərin əli olduğundan şübhələnirlər. İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların geri qaytarılması üçün yerli polislə əməkdaşlıq edir.
Jurnalist Kreyq Houpun sözlərinə görə, itmiş əşyalar arasında Harri Keyn və Cud Bellingemin butsları da var. Yığma demək olar ki, bütün məşq toplarını itirib, yalnız biri qalıb.
Həmçinin, Tomas Tuxelin rəhbərlik etdiyi məşqçilər qərargahının taktiki lövhələri və digər avadanlıqları da oğurlanıb. Bu, DÇ-yə hazırlıq prosesində əlavə çətinliklər yarada bilər.
Hüquq-mühafizə orqanları artıq araşdırmaya başlayıb. İngiltərə yığmasının inventarını daşıyan sürücülər ehtimal edilən şübhəlilər qismində nəzərdən keçirilir.
İngiltərə Futbol Federasiyası vəziyyətlə bağlı hələlik rəsmi açıqlama verməyib.












