Misli Premyer Liqasının 33-cü turunda “Sumqayıt” – “Qarabağ” oyunu (3:4) mövsümün 500-cü qolu ilə yadda qaldı.
Yubiley qolunu Rüstəm Əhmədzadə vurdu. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf etdi.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanmışdı. Həmin mövsüm 684 qol vurulub. Bir mövsümdəki qol sayı rekord isə 1992-ci ildə 1177 qol olub.
“Zirə” də Premyer Liqada 400-cü qolunu vurdu. Junior Martinsin imza atdığı bu qolla “Zirə” 400-dən çox qol vuran 10-cu komanda oldu. Klubun liqadakı ilk qolunu 2015-ci ildə Viktor İqbekoyi vurmuşdu.
Son turda “Zirə”ni 3:2 məğlub edən “Araz-Naxçıvan” isə Premyer Liqada 30-cu ev qələbəsini qazandı. Naxçıvan təmsilçisi öz meydanında 74 oyunda bu nəticəyə çatdı (20 heç-heçə, 24 məğlubiyyət). İlk ev qələbəsi 2000/2001 mövsümündə texniki qələbə ilə əldə edilib.












