Qətər cəmi 2.5 milyon əhalisi olan bir ölkədir. 2011-ci ildə PSJ-ni satın alaraq dünya futbolunun ən təsirli oyunçularından birinə çevrildi.
Bu addım sadəcə futbol investisiyası deyildi. PSJ Qətərin dünyaya açılan reklam lövhəsi oldu. Dünyanın ən böyük futbol ulduzları Parisə gətirilir, klubun adı çəkilən hər yerdə Qətərdən danışılırdı.
Futbol artıq təkcə idman deyil, ölkələrin imic formalaşdırmaq və təsir dairəsini genişləndirmək üçün istifadə etdiyi qlobal platformadır.
Bu prosesin kökləri Roman Abramoviçin "Çelsi"ni satın almasına gedir. Ardınca milyarderlər, dövlət fondları və qlobal şirkətlər futbolun içinə daxil oldu. Klub idarəçiliyi ilə marketinq strategiyası arasındakı sərhədlər silinməyə başladı.
2026 dünya çempionatında matçlar faktiki olaraq dörd hissəyə bölünəcək. Rəsmi səbəb su fasilələri olsa da, bu fasilələr yeni reklam sahələri yaradır.
Hesablamalara görə, 30 saniyəlik reklamın qiyməti 750 min dollara qədər yüksəlir. Su fasilələrindən gəlirin 332.8 milyon dollar olacağı proqnozlaşdırılır.
Futbol artıq sadəcə idman deyil. Futbolçular qlobal əyləncə sənayesinin simalarına, matçlar kommersiya məhsuluna, azarkeşlər isə müştərilərə çevrilib.
Yurgen Kloppun dediyi kimi, futbol "kondisionerli ofislərdə oturan idarəçilərin girovuna" çevrilir. Sual: meydanda hələ də futbol qalacaq, yoxsa reklam fasilələri arasında oynanan bir televiziya şousu izləyəcəyik?












