Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında birinci yeri tutmaq üçün əlindən gələni edəcək. Bu barədə komandanın üzvü Ruzigar İbrahimzadə açıqlama verib.
O, İtaliyaya 3:0 qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb: "İlk dəfə Avropa çempionatında oynayıram və çox xoşbəxtəm. Ardıcıl ikinci qələbəmizi qazandıq, növbəti mərhələyə yüksəldik. Həm də komandada ilk qolumu vurdum. Milliyə fayda verdiyim üçün sevinirəm. İnanıram ki, bu son qalibiyyətimiz deyil. Çempion olmaq üçün var gücümüzlə çalışacağıq".
R.İbrahimzadə ilk matça nisbətən daha rahat oynadıqlarını qeyd edib: "Birinci oyuna görə bu gün daha rahat idik. Çünki meydançaya tam öyrəşməmişdik. Yarışın ilk görüşü həmişə çətin olur. Sonra daha yaxşı oyun göstəririk".
O, Fransaya qarşı oyuna da toxunub: "Heç vaxt rəqib haqqında düşünmürük. Bacardıqlarımızı ən yüksək səviyyədə etmək niyyətindəyik. Qələbəyə köklənirik".
Xatırladaq ki, Avstriyaya 1:0 qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan F qrupunda 6 xalla liderdir; Fransa 4, İtaliya 1 xalla izləyir. Avstriya isə 0 xalla sonuncudur.












