Apple smartfonlarında kamera obyektivinin təmizlənməsi ilə bağlı gizli funksiya aşkarlanıb.
Oxu.Az "CNet" nəşrinə istinadən xəbər verir ki, istifadəçilər tez-tez təsadüfən smartfon kameralarını çirkləndirirlər. Məsələn, obyektivdə barmaq izləri qalır. Apple bunu nəzərə alaraq iPhone üçün obyektivin çirkləndiyini müəyyən edən xüsusi funksiya hazırlayıb. Yenilik iOS 26 əməliyyat sistemində təqdim olunub.
Funksiya çəkilişdən əvvəl kameranın vəziyyətini analiz edir və obyektiv çirkli olduqda istifadəçiyə ekranda bildiriş göndərir. Müəlliflərin sözlərinə görə, bu imkan daha keyfiyyətli fotolar çəkməyə kömək edəcək.
Funksiyanı aktivləşdirmək üçün istifadəçilər smartfonun "Ayarlar" bölməsində "Kamera" menyusuna daxil olaraq "Obyektivin təmizlənməsi ilə bağlı bildirişlər" seçimini aktiv etməlidirlər.
"Bu funksiya aktiv olduqdan sonra iPhone görüntünü avtomatik analiz edəcək və zərurət yarandıqda kameranı silməyi tövsiyə edəcək", - deyə müəlliflər bildiriblər.
Yeni imkan bütün cihazlarda əlçatan deyil. Funksiya yalnız iPhone 15 seriyası və daha yeni modellərdə işləyir.


