Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, ölkənin xaricdəki investisiyalarından əldə etdiyi gəlirlər sayəsində ilkin gəlirlər balansı profisitə keçib.
Bu, son illərdə ilk dəfədir. Profisitin əsas səbəbi neft-qaz sektorundakı müəssisələrin xaricə yatırdığı birbaşa investisiyalardan əldə olunan faiz və dividend gəlirləridir.
Samir Nəsirov qeyd edib ki, həmin gəlirlər ölkəyə gətirilməyib, yenidən xaricdə investisiya kimi yönləndirilib. Bu məlumatlar tədiyə balansında "digər gəlirlər" bölməsində ətraflı açıqlanacaq.
O, həmçinin fiziki şəxslərin İrlandiyaya pul köçürmələrinin artmasına münasibət bildirib. Bu göstəricilər dəyişkəndir və əsasən pulköçürmə sistemləri ilə bağlıdır. Vəsaitlər maddi yardım və digər məqsədlər üçün göndərilir.
Kapital və maliyyənin hərəkəti balansında yaranan kəsirin əsas səbəbi portfel investisiyalarının 2 milyard dollar azalmasıdır. Bu, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya olunmuş avrobondların geri alınması ilə bağlıdır.
"Vaxtilə avrobond emissiyası ilə 2 milyard dollar cəlb edilmişdi. İndi həmin qiymətli kağızlar geri alınıb və 2 milyard dollar ödənilib" deyə Samir Nəsirov vurğulayıb.












