Azərbaycanda sığorta bazarı son beş ildə davamlı inkişaf edərək 17%-dən çox artım göstərib.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə sığorta bazarı əvvəlki illə müqayisədə 11% genişlənib. Sığorta ödənişlərinin həcmi də artıb.
Nəticədə sığorta haqlarının ÜDM-də payı 2025-ci ildə 1,63%-ə yüksəlib.
Abas Miskərli qeyd edib: "Son altı ildə ölkədə sığorta savadlılığının artırılması üçün genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Növbəti illər üçün əsas hədəflər sığorta nüfuzetmə səviyyəsinin 3-4 dəfə artırılması, xidmətlərə çıxışın sadələşdirilməsi və müdafiə boşluqlarının aradan qaldırılmasıdır."
Hazırda Azərbaycanda sığorta bazarında 16 iştirakçı fəaliyyət göstərir.












