İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilmədən sonra istifadəyə verilməsi mərasimi keçiriləcək.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman rəhbərləri, logistika şirkətlərinin nümayəndələri iştirak edəcək.
Mayın 18-də Bakıda Prezident İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ layihəsi çərçivəsində Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalanıb. Bu sənəd modernləşdirmə işlərinin tamamlandığını təsdiqləyir.
2024-cü ildə ADY tərəfindən BTQ-nin Gürcüstan ərazisindəki 184 km-lik hissəsində modernləşdirmə aparılıb. Layihə 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və mühəndis qurğularını əhatə edib. 30 km yeni xətt çəkilib, 153.1 km mövcud yol reabilitasiya olunub.
Nəticədə BTQ-nin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya mühüm quru marşruta çevrilib.












