Yalançı sahibkarlıq subyektləri təsis edərək 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
Səkkiz təqsirləndirilən barədə həbs qətimkan tədbiri seçilib, üç nəfər isə həbsdə deyil. İşin baxış iclası iyulun 17-nə təyin edilib.
İttiham olunanlar - Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Çingiz Cəfərli, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov - 2021-2024-cü illərdə dövlət vergi portalında saxta əməliyyatlar aparıblar.
Dəstə üzvləri www.e-taxes.gov.az saytında 1419 saxta elektron qaimə-faktura, bildiriş, müqavilə və akt tərtib ediblər. Bu yolla ümumilikdə 41.818.630,21 manat leqallaşdırılıb.
Onlar Cinayət Məcəlləsinin 178.4, 193.3.1, 193-1.3.1, 193-1.3.2 və 313-cü maddələri ilə ittiham olunurlar.












