Naxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq qərardan apellyasiya şikayəti veriblər.
Birinci instansiya məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılan cinayət işi üzrə Aypara Əsgərova və Firuzə Seyidova tamah məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər.
Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki məhkumun üç övladı var.
Hadisə ötən il aprelin 19-da Şərur rayonunun Oğlanqala kəndində baş verib. Kənddə tək yaşayan 75 yaşlı Zeynəb İsmayılova imkanlı qadın kimi tanınıb.
İttihama görə, hadisə günü Zeynəb İsmayılova Aypara Əsgərovanın evinə gəlib və paltarlarını yumaq üçün paltaryuyan maşından istifadə edib. Qadın paltarları götürmək üçün əyildiyi anda ona arxadan çəkic və dəmir linglə baş nahiyəsinə çoxsaylı zərbələr endirilib.
Ağır xəsarətlər alan Zeynəb İsmayılovanın daha sonra boğularaq öldürüldüyü bildirilir. Cinayətin izlərini gizlətmək məqsədilə meyit adyala bükülərək həyətdəki su quyusuna atılıb.
Təqsirləndirilən şəxslər mərhumun pul və qızıl-zinət əşyalarını götürüblər, hadisəni ört-basdır etmək üçün isə müxtəlif məlumatlar yayıblar.
Qətlin üstü Aypara Əsgərovanın qısa müddətdə borclarını ödəməsinin diqqət çəkməsi ilə açılmağa başlayıb. Axtarış tədbirləri zamanı xidməti itin reaksiyası hüquq-mühafizə orqanlarını həmin həyətə istiqamətləndirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə quyudan çıxarılan meyitin Zeynəb İsmayılovaya məxsus olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkarlanıb.












