17 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayıb. O, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.
Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı qeyd edilib.
Nazir Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışaraq, yaşıl enerji sahəsində layihələr barədə məlumat verib. Azərbaycan-ABŞ arasında bu sahədə əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq imkanları qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.











