Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum jurnalistlərə açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərini gücləndirmək üçün var gücü ilə çalışdıqlarını bildirib.
Oxu.Az xəbər verir ki, o, bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ikitərəfli müzakirələrin baş tutduğunu qeyd edib: "Buradakı vətəndaşlarımızla və tədbirə gələn qonaqlarla əməkdaşlığı gücləndirmək məqsədilə görüşlər və toplantılar təşkil edirik."
Kurum əlavə edib: "Bu gün açılışdan sonra Azərbaycan hökuməti ilə binalarda enerji səmərəliliyi layihəsi çərçivəsində bir memorandum imzaladıq. Orada ikitərəfli görüşlər keçirdik. Omanın və Səudiyyə Ərəbistanının da mənzil və şəhərsalma nazirləri ilə görüşlərimiz oldu."
O, həm bölgə, həm də ölkələr adına "dayanıqlı şəhərlər" anlayışı çərçivəsində şəhərlərin gələcəyi və vətəndaşlara daha yaxşı imkanlar təqdim etmək məqsədilə bu müzakirələri həyata keçirdiklərini vurğulayıb.












