Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, texnologiyanın əlçatan imkanlarından maksimum faydalanmaq istəyirlər.
Bu barədə o, WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən tədbirdə deyib. Tədbirin mövzusu "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" olub.
Hüseynov vurğulayıb ki, məqsəd bütün imkanlardan ən yaxşı şəkildə istifadə etməkdir. Layihələr daha az xərcli, yüksək keyfiyyətli və qısa müddətdə həyata keçirilməlidir.
O, həmçinin insanların proseslərdə rolunun vacibliyini qeyd edib: "İdeal layihə hazırlansa belə, əgər insanlar dinlənilmirsə, layihə nə faydalı, nə də dayanıqlı olacaq".
Hüseynov yenidənqurma prosesində əsas çətinliklərə toxunub. Birinci problem minaların təmizlənməsi olub. Məsələn, Ağdama elektrik xətti çəkmək üçün cəmi 20 metrlik dəhliz bir ilə açılıb. Elektrik olmadan digər infrastruktur qurula bilməz.
İkinci böyük problem isə infrastrukturun tamamilə dağıdılması olub. Yeraltı borular, kommunikasiya xətləri və digər elementlər məhv edilmişdi. Bunların bərpası çox vaxt və səy tələb edib.












