Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "İyun 1984, Amritsar hadisələri..." adlı beynəlxalq konfransın iştirakçıları iyunun 2-də "Atəşgah məbədi"ni ziyarət ediblər.
Qonaqlara məbəd kompleksinin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, XVII-XVIII əsrlərdə Hindistandan gələn siqh tacirləri və zəvvarları Atəşgahı ibadət məkanı kimi istifadə ediblər.
Atəşgahın əsrlər boyu müxtəlif mədəniyyətləri və dinləri birləşdirən tolerantlıq məkanı olduğu vurğulanıb. Azərbaycanın tarixən müxtəlif xalqların və dini icmaların dinc yanaşı yaşadığı ölkə olduğu qeyd edilib.
İştirakçılara Atəşgah məbədinin Hindistanla Azərbaycan arasında tarixi, mədəni və dini əlaqələrin mərkəzi olduğu bildirilib. Sihizmin banisi Guru Nanakın səfərləri zamanı Atəşgahda olduğu qeyd edilib.
Ziyarət zamanı qonaqlar Amritsar hadisələrinə həsr olunan rəsm əsərlərinə də baxıblar.












