AZCON Holdinqin icraçı direktoru Şahin Babayev şirkətin əsas hədəflərindən birinin nəqliyyat, telekommunikasiya və rəqəmsal sahədə fəaliyyət göstərən qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirmək olduğunu bildirib.
Report-a müsahibəsində Babayev qeyd edib ki, holdinq bu qurumların institusional inkişafını təmin etmək, əməliyyat effektivliyini və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Babayev vurğulayıb ki, holdinqin yaradılmasında əsas amillərdən biri dövlət büdcəsinə yükün azaldılmasıdır. Bundan əvvəl dövlət büdcəsindən bu qurumlara subsidiya və investisiya ödənişləri edilirdi. Yeni strukturla bu vəsaitlərin daha səmərəli istifadəsi və investisiyaların geri qaytarılması hədəflənir.
Üçüncü mühüm amil isə qurumların maliyyə mənbələrinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır. Babayev bildirib ki, əvvəllər ayrı-ayrılıqda böyük investisiya layihələrini reallaşdırmaq çətin idi, lakin holdinq çərçivəsində bu mümkün olacaq.












