16 il əvvəl Azərbaycanda avtomobil sənayesində böyük addım atıldı: ölkəmiz öz avtomobil istehsalına başladı. Vətəndaşlar yerli istehsal olan avtomobillərin xarici markalardan daha ucuz olacağını düşünürdü. Lakin zaman keçdikcə gözləntilər tam özünü doğrultmadı.
Bəs niyə yerli avtomobillərə maraq azdır?
Baku TV xəbər verir ki, mütəxəssislərə görə, əsas səbəb bazarda xarici avtomobillərin daha sərfəli qiymətlərlə satılmasıdır. Sürücülər keyfiyyət, texnologiya və ehtiyat hissələri baxımından da xarici markalara üstünlük verir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edir: “Çin avtomobil sənayeçiləri postsovet ölkələrinə ixrac etdikdən sonra daxili istehsala tələbat azaldı. Qiymətdə rəqabətlilik mühüm rol oynayır. Yaxşı olardı ki, dövlət qurumları yerli nəqliyyat vasitələrinə üstünlük versin.”
İqtisadçı Xalid Kərimli deyir: “Azərbaycandakı avtomobil zavodları nə xarici bazara çıxa bilir, nə də daxili tələbatı tam qarşılayır. İstehsal gücü və texnoloji imkanlar genişləndirilməlidir. Mövcud vəziyyət ixrac üçün əsas vermir, zavodların bazar payı çox cüzidir.”











