Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlayıb.
Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, AYNA-nın layihəsi ilə ərazidə insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.
Metronun "Nəriman Nərimanov" stansiyası ətrafında avtobuslar üçün mübadilə mərkəzi, yeni piyada keçidləri və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Ərazi arakəsmələrlə bağlanıb. Yaxın günlərdə bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Obyekt sahiblərinə məlumat verilib.
Layihə çərçivəsində geniş maneəsiz səkilər, yaşıllıq, keyfiyyətli ictimai məkanlar və müasir dayanacaqlar qurulacaq. Küçə daha təhlükəsiz və funksional olacaq.
Xatırladaq ki, bir neçə ay əvvəl Təbriz küçəsinin yenidənqurma layihəsi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində təqdim olunmuşdu.












