Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-si 2-3 iyulda media nümayəndələri üçün Lənkərana mediatur təşkil etdi.
Məqsəd fermerlərin əməyini, innovativ aqrar yanaşmaları və dövlət dəstəyini nümayiş etdirmək idi.
Mediatur zamanı "Şəhərdən Kəndə" layihəsi çərçivəsində dəstəklənən üç təsərrüfat ziyarət olundu: Arıçılıq muzeyi, "Leynə.co" həsirçilik təsərrüfatı və "Citrus Valley" aqroturizm kompleksi.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nilufər Mustafaqızı bildirdi ki, PAŞA Holdinqin maliyyə dəstəyi ilə 35-ə yaxın təsərrüfata dəstək göstərilib, onlardan dördü Lənkərandadır.
Layihənin məqsədi aqroturizmi inkişaf etdirmək, fermerlərin gəlirini artırmaq və məhsul satışını asanlaşdırmaqdır.
İlk dayanacaq Lənkəranın Şovu kəndində yerləşən "Balçı Səyavuş" Damazlıq Arıçılıq Təsərrüfatı oldu.
Təsərrüfat rəhbəri Səyavuş Yaqubov 2015-ci ildən innovativ arıçılıqla məşğul olduqlarını dedi.
Muzeydə Azərbaycan və dünya arıçılıq tarixinə aid guşələr, qədim pətəklər, arı biologiyası bölməsi, avadanlıqlar və ixtisas ədəbiyyatı nümayiş olunur.
Diqqət çəkən yeniliklərdən biri ana arı inkubatoru və smart tərəzidir. Smart tərəzi pətəyin altına qoyulur, çəki, temperatur, rütubət kimi göstəriciləri məsafədən izləməyə imkan verir.
Gələcəkdə mobil tətbiq hazırlanması planlaşdırılır. Məqsəd arıçılar üçün vahid məlumat bazası yaratmaq və satışı asanlaşdırmaqdır.
Muzeydə apiterapiya bölməsi də var. Burada arı havası ilə terapiya üçün xüsusi pətək nümayiş olunur.
Muzeydə canlı arı guşəsi ziyarətçilərə arıları izləmək imkanı yaradır. Gələcəkdə interaktiv monitorlar və süni intellekt əsaslı təqdimatlar quraşdırılacaq.
Satışda yalnız öz istehsalları olan bal, propolis, arı südü, güləm, çiçək tozu və digər məhsullar yer alır.
Növbəti dayanacaq "Leynə.co" həsirçilik təsərrüfatı oldu.
45 il riyaziyyat müəllimi işləmiş Xalidə İsmayılova təqaüdə çıxdıqdan sonra uşaqlıqdan tanıdığı həsirçilik sənətinə qayıtdı.
Həsirçilik cənub bölgəsinin qədim sənətidir. Əvvəllər yalnız həsir və zənbil toxunurdusa, indi çanta, şlyapa, meyvə qabları, səbətlər hazırlanır.
Məhsulların əsası "keşi" adlı materialdır. Keşi bataqlıqda bitən "lığ" qamışından hazırlanır. Xammalın hazırlanması çətindir: qamış biçilir, qurudulur, şeh dəyməməlidir.
Biçin mövsümü iyun-avqust, toxuculuq sentyabrdan başlayır. Material yaş işlənməlidir, yoxsa əli kəsir.
Xalidə İsmayılova master-klasslar keçir, yeni şagirdlər yetişdirir. Onun sözlərinə görə, həsirçilik əsəbləri sakitləşdirir.
Qiymətlər 5 manatdan (kiçik məhsullar) 20 manata qədər (böyük səbət və piknik dəstləri) dəyişir.
Son dayanacaq "Citrus Valley" təsərrüfatı oldu.
Sahibə Rəftarə Şükürova 2009-cu ildən fəaliyyət göstərsə də, müəllim işlədiyi üçün əvvəllər bunu gizlədib.
10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin mediaturu təsərrüfatın tanınmasında dönüş nöqtəsi oldu.
Bu gün təsərrüfat 15 hektardır: 6 hektar feyxoa, 3.5 hektar kivi, 4 hektarda limon, naringi, portağal, kinkan yetişdirilir.
Cem, mürəbbə, turşu, kompot istehsal olunur. Məhsullar Azərbaycanın müxtəlif bölgələrində satılır, kompot və turşu Rusiyaya ixrac edilir.
Rəftarə Şükürova 32 il ibtidai sinif müəllimi işlədikdən sonra tamamilə kənd təsərrüfatına yönəlib. İndi ailə biznesidir: həyat yoldaşı və oğlu dəstək verir.
Təsərrüfat damcı-suvarma sistemi ilə təmin olunub. İlin bütün fəsillərində turist qəbul edir, payızda daha çox ziyarətçi gəlir.
Gecələmə xidməti yoxdur, lakin gələcəkdə aqroturizm imkanları genişləndiriləcək. Meyvə mövsümündə qonaqlar özləri meyvə dərib dada bilər, sonra ödənişlə apararlar.












