Bakının Binəqədi rayonunda, "DSK yolu" deyilən ərazidə ağac budaqları işıqforun görünməsinə mane olur. Sürücülər bu səbəbdən çətinlik çəkirlər.
Oxu.Az-ın qaynar xəttinə daxil olan müraciətdə bildirilir ki, Binəqədi rayonu, 10 May (DSK yolu) küçəsi ilə Gülməmməd Ramazanov küçələrinin kəsişməsində yerləşən işıqforun qarşısını ağac budaqları kəsib.
Sakinlərə görə, işıqforun tam görünməməsi həmin ərazidə hərəkətin təhlükəsizliyini risk altına salır. Xüsusilə ərazini ilk dəfə istifadə edən sürücülər üçün çətinlik yaradır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a bildirilib ki, qurumun əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 48 yolayrıcında olan işıqforun siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.












