Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov bildirib ki, daha 30 ukraynalı uşağın Azərbaycana gətirilməsi planlaşdırılır.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq bir neçə ildir Ukraynadan uşaqlar Azərbaycana səfər edir. Bu gün növbəti qrup ölkəyə gəlib. Onlar 10 gün ərzində Bakı və Qəbələdə olacaq, reabilitasiya proqramlarında iştirak edəcəklər.
Səfərovun sözlərinə görə, uşaqlar art-terapiya və yoqa məşğələlərinə cəlb olunacaq, sosial-psixoloji dəstək alacaqlar. Daha sonra Qəbələdəki Uşaq Reabilitasiya Mərkəzində tibbi və psixoloji reabilitasiya keçəcəklər.
Həmçinin, onlara Azərbaycanın tarixi və mədəni irsi haqqında məlumat veriləcək. Səfərov vurğulayıb ki, bu tədbirlər davamlı olacaq və hər mərhələdə 30 uşağın gətirilməsi nəzərdə tutulur.












