Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil xərcləri ilə bağlı qalmaqallı fikirlərinə aydınlıq gətirib. O, sosial şəbəkədə paylaşım edərək bildirib ki, Azərbaycanda bir tələbəyə düşən təhsil xərci inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır və bu keyfiyyətə təsir edir.
Nazir qeyd edib: “Təhsil haqqının aşağı olması sosial baxımdan müsbət olsa da, ümumilikdə keyfiyyətə təsir edən amildir. Təhsil investisiya tələb edir. Müəllim maaşları, maddi-texniki baza, tədqiqatlar bu xərclərdən asılıdır.”
E.Əmrullayev “pulsuz” təhsil haqqında mifləri də tənqid edib: “Dünyanın heç yerində pulsuz təhsil yoxdur. Avstriya, Almaniya və Fransada bakalavr pilləsində illik xərc 10-18 min avrodur. Tələbələrin ödədiyi 500-1000 avro isə qeydiyyat haqqıdır, təhsil haqqı deyil. Xərcləri dövlət qarşılayır.”
O vurğulayıb ki, Azərbaycanda bakalavr pilləsində qəbul olunanların yarıdan çoxu dövlət hesabına oxuyur: “Dövlət iqtisadiyyatın ehtiyaclarına uyğun olaraq zəruri sayda tələbənin təhsilini maliyyələşdirir. Tibb və kənd təsərrüfatı kimi ixtisaslar tam dövlət sifarişidir.”
Nazir ödənişli təhsilin mövcudluğunu yüksək tələbatla izah edib: “Ali təhsil istəyənlərin sayı çoxdur. Dövlət yalnız zəruri sayda vətəndaşı maliyyələşdirir. Bəzi abituriyentlər dövlət hesabına başqa ixtisaslarda oxuya bilsələr də, arzuladıqları ixtisasları ödənişli seçirlər.”
O, bəzi ixtisaslar üzrə təhsil haqlarının kifayət etmədiyini deyib: “Kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik 1500-2000 manat kifayət deyil. Bu məbləğə qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Aşağı qiymətli təhsilin nəticəsi ən yaxşı halda diplomdur.”
E.Əmrullayev vurğulayıb ki, məqsəd təhsil haqlarının artırılmasını təklif etmək deyil: “Məqsəd reallığı konstruktiv müzakirə etməkdir. SABAH qrupları, ikili diplom proqramları və dövlət sifarişi çərçivəsində təhsil alan tələbələrin xərcləri dövlət tərəfindən qarşılanır. Dövlət maliyyələşməni mərhələli şəkildə artırır.”
Nazir ali təhsildə keyfiyyətə diqqət çəkib: “Bəzən keyfiyyətsiz ali təhsil diplomu almaqdansa, keyfiyyətli peşə təhsili almaq daha faydalıdır.”












