Azərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın daha dəqiq uçotunun aparılması məqsədilə istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq.
Bu innovativ addım ölkənin su təchizatı zəncirinin mənbədən son istehlakçıya qədər tam avtomatlaşdırılmasını hədəfləyən genişmiqyaslı layihələrin əsas tərkib hissəsidir.
“Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur”, - deyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. O qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır: “Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik”.
İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevin sözlərinə görə, uzaqdan oxunan sayğaclara keçid rəqəmsallaşma baxımından zəruri və zamanında atılmış addımdır: “Yeni sistemin əsas məqsədi su mənbəyindən son istehlakçıya qədər olan idarəetmə zəncirini tam avtomatlaşdırmaqdır. Burada hədəf sadəcə köhnə sayğacları yeniləmək deyil, əsas vəzifə su itkilərini azaltmaq, göstəriciləri dəqiq toplamaq, şəbəkədəki təzyiqi idarə etmək və qəzalara daha operativ reaksiya verməkdir”.
B.Əliyevin fikrincə, yeni sayğacların əsas üstünlükləri göstəricilərin mərkəzə avtomatik ötürülməsi, insan xətalarının minimallaşdırılması, borc və istehlak məlumatlarının dəqiq hesablanması, sızma və qeyri-adi sərfiyyatın dərhal aşkarlanması və abonentin öz istehlakını onlayn şəkildə izləyə bilməsidir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da düşünür ki, yeni tətbiq olunacaq su sayğacları müasir beynəlxalq standartlara cavab verən, kənar şəxslərin qanunsuz müdaxilələrini tamamilə məhdudlaşdıran, habelə uzaqdan ölçmə və rəqəmsal nəzarət imkanlarına malik innovativ vasitədir.
O bildirdi ki, rəqəmsal sayğacların kütləvi tətbiqi indiyədək bu sahədə yığılıb qalmış, illərlə həllini gözləyən problemlərin tədricən azalmasına və bütövlükdə aradan qalxmasına xidmət edəcək. Avtomatlaşdırılmış idarəetmə sayəsində sözügedən sistem həm də infrastruktur qəzalarının sayının kəskin şəkildə azalmasına da öz birbaşa müsbət təsirini göstərəcək.












