Bakı, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən binanın sakinləri altı ildir mənzillərində yaşasalar da, hələ də çıxarış (kupça) ala bilmirlər.
Onlar "İqtisadçı 2005" MTK-nı gecikdirmədə günahlandırırlar. MTK rəhbərliyi müxtəlif bəhanələr irəli sürür.
Bir sakin bildirib: "Hər ay zəng edirik, hər dəfə deyirlər ki, sənədlər hazırdır. Ancaq qaraj layihədə olsa da, tikilməyib. Mansardda isə beş qanunsuz mənzil satılıb. Noyabrdan sonra zənglərimizə cavab verilmir."
Digər sakin qeyd edib: "Sənədsizlik üzündən uşaqları qeydiyyata sala bilmirik, bankdan kredit götürə bilmirik, xəstəxanada çətinlik çəkirik. Məcbur qohumların ünvanına qeydiyyatdan keçirik, bu da gələcəkdə problem yaradır."
Sakinlər dövlət qurumlarından məsələnin araşdırılmasını və mülkiyyət hüquqlarının təmin edilməsini istəyirlər.












