Laçın şəhərində növbəti iri yaşayış layihəsi başlayır. “Yeni Yaşayış Məhəlləsi” həm mənzil fondunu genişləndirəcək, həm də yerli əhaliyə iş imkanları yaradacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Layihə üzrə hazırlıq işlərinə başlanılıb. Tikinti müddəti 24 aydır. Hazırda şaquli planlama aparılır.
Ümumi sahəsi 57 470 kvadratmetr olan məhəllə şəhərsalma konsepsiyasına uyğun layihələndirilib. Burada idman meydançaları, uşaq oyun sahələri, söhbətgahlar, yaşıllıq zolaqları və istirahət məkanları salınacaq.
Layihə çərçivəsində 19 çoxmənzilli bina inşa ediləcək. Onlardan 11-i ikibloklu, 8-i birbloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla 340 mənzili əhatə edəcək.
Mənzillər müxtəlif ailə tərkiblərinə uyğun hazırlanıb: 57 birotaqlı, 122 ikiotaqlı, 98 üçotaqlı, 44 dördotaqlı və 19 beşotaqlı mənzil tikiləcək.
Məhəllənin zirzəmi hissələri avtomobil dayanacağı kimi nəzərdə tutulub. 10 binanın birinci mərtəbəsində ticarət sahələri, həmçinin ayrıca fərdi ticarət obyekti inşa ediləcək.
Ümumilikdə 3 500 kvadratmetr sahə ticarət və xidmət üçün ayrılıb. Bu, yeni biznes imkanları və əlavə iş yerləri yaradacaq.
Tikinti prosesində yerli sakinlərin işə götürülməsinə üstünlük veriləcək. Podratçı şirkətə yerli əmək resurslarından istifadə tövsiyə edilib.
Layihə Laçının bərpa proqramının bir hissəsidir. Şəhərin yaşayış fondu genişlənəcək, sahibkarlıq fəaliyyəti artacaq və regionun sosial-iqtisadi inkişafı sürətlənəcək.












