Hazırda məktəblərdə "TikTok" platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
"Beynəlxalq təcrübə göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır. Bu səbəbdən əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər", - deyə nazir müavini əlavə edib.












