Təhsil sistemində yeni islahat: əmək bazarında tələbatı az olan ixtisaslar üzrə plan yerləri mərhələli şəkildə azaldılır. Pedaqoji ixtisaslar da bu siyahıya daxildir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bəzi universitetlərə tələbə qəbulunun azaldılması keyfiyyətin artırılması məqsədi daşıyır. Növbəti tədris ilindən orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri Pərvinə Qədimova vurğulayır: "Məqsəd müəllim sayını azaltmaq deyil, keyfiyyəti artırmaqdır. Zəif proqramlar yenidən nəzərdən keçirilməlidir."
ADPU-nun baş müəllimi Xalidə Həmidova isə xəbərdarlıq edir: "Qəbul planının birdən-birə azaldılması uğurlu olmayacaq. Universitetlərin maddi vəziyyəti pisləşə, təhsil haqları arta bilər."
Ekspert İlqar Orucov islahatı dəstəkləyir: "Kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsidir. Hər il 25 min plan yerinə cəmi 8-10 min vakansiya düşür."












