"İndi fəaliyyətə keçmək zamanıdır. Bu, sadəcə sözlərlə kifayətlənmək üçün bir çağırış deyil. Qəbul olunan qərarlar insanların rifahı və ölkələrin tərəqqisi naminə effektiv şəkildə icra olunmalıdır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu çox mühüm tədbirdir: "Bu ilin Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 illiyinə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, forumda iştirak edən 30 mindən çox nümayəndə konkret fəaliyyət planı ilə çıxış edəcək.
Beləliklə, Yeni Şəhər Gündəliyinin aralıq qiymətləndirilməsi zamanı onun praktiki şəkildə həyata keçirildiyini görə biləcəyik. Dünyanın bütün yerli idarəetmə orqanlarının könüllü yerli hesabat prosesinə qoşulması vacibdir. Bu, əldə olunan irəliləyişin izlənməsinə, müxtəlif ölkələrdəki nəticələrin müqayisə edilməsinə və birgə inkişaf etməyimizə imkan verəcək".











