Paslı su ilə yuyunmaq ekzema və dermatit kimi dəri xəstəliklərini şiddətləndirə bilər. Həmçinin, diş fırçalamaq minanı zədələyir və köhnə borulardan bakteriyaları ağıza daşıyır.
Rusiyalı həkim Vladimir Neronov Oxu.Az-a bildirib ki, qəhvəyi su dəmir oksidi və hidroksidi hissəciklərindən qaynaqlanır. Bu birbaşa zəhərlənməyə səbəb olmasa da, dərinin lipid təbəqəsini zədələyərək quruluq, qaşınma yaradır.
Paslı su xüsusilə ekzema və atopik dermatitli xəstələr üçün risklidir. Gözlərdə qızartı, yanğı hissi, astma və xroniki rinosinusitin simptomlarını da artıra bilər.
Həkim diş yuyarkən paslı sudan qaçmağı tövsiyə edir. Pas qalıqları diş ətini qıcıqlandırır, minada mikrocızıqlar yaradır. Ağız yarası, parodontit və stomatit varsa, dəmir qalıqları bakteriyaların çoxalmasına səbəb olur. Köhnə borulardakı biofilmlər isə potensial infeksiya mənbəyidir.












