Abşeron rayonunda baş verən ağır motosiklet qəzası, rayon xəstəxanalarında müasir diaqnostik avadanlıqların olmaması problemini ortaya çıxarıb. Yaralının müayinəsi üçün lazım olan KT və MRT cihazlarının çatışmazlığı səhiyyə xidmətlərinin əlçatanlığını sual altına qoyur.
Minlərlə xəstə, diaqnostik müayinələr üçün Bakıdakı tibb müəssisələrinə üz tutmağa məcbur qalır. Bu da paytaxt xəstəxanalarında sıxlıq və uzun növbələr yaradır.
TƏBİB-in məlumatına görə, hazırda tabeliyindəki tibb müəssisələrində cəmi 30 ədəd KT cihazı var. Bunların 11-i Bakıda, 19-u isə regionlarda yerləşir.
Professor Adil Qeybulla bildirir ki, xəstəxanalarda köhnə avadanlıqların tez-tez xarab olması xəstələrin həyatını təhlükə altına qoyur. O, avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını təklif edir.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə qeyd edir ki, rayon xəstəxanalarında hələ də 60-cı illərin aparatlarından istifadə olunur. Radioloji avadanlıqların bahalı olması və radioloq çatışmazlığı problemi dərinləşdirir.












